Azərbaycan millisinin legioneri: "Futbolu seçməsəydim, kiberidmanla məşğul olardım"

İDMAN

21 Sentyabr 2021 | 17:10

3905 dəfə oxunub

"Zədəm ciddi olmasa da, kifayət qədər ağrılıdır və uzunmüddətli müalicə tələb edir".

REYD-in məlumatına görə, bunu Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadə səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə oyununda zədə alması barədə "fanday.net" saytına müsahibəsində deyib.

21 yaşlı hücumçu bildirib ki, meydanın mərkəzindən qapıya tərəf qaçaraq topa zərbə vurduğu an topuğu burxulub: "Ayağımı yerə səhv basdım və nəticədə yumşaq toxuma zədələndi. Normal məşq etməyim və meydanda özümü göstərməyim üçün onu tamamilə sağaltmalıyıq. Artıq fərdi məşqlərə başlamışam. Meydana mümkün qədər tez qayıtmaq istəyirəm. Amma həkimlər nə desə, o da olacaq".

İrlandiya ilə görüş barədə də danışan gənc forvard meydanda yaxşı mübarizə getdiyini söyləyib: "Səviyyə yüksək, atmosfer isə əla idi. Stadionda çoxlu azarkeş var idi".

Əhmədzadə boş vaxtlarında evdə dincəldiyini deyib: "Sevgilimlə birlikdə yaşayıram. Hərdən kinoya, harasa gəzməyə gedirik. Bəzən uşaqlarla toplaşıb "Counter Strike" oynayırıq. Yəqin ki, futbolu seçməsəydim, kiberidmanla məşğul olardım".

Mövsümlərarası fasilədə adının Ukraynanın bir neçə klubu ilə hallandığını söyləyən futbolçu ciddi təklif almadığını vurğulayıb: "Bilirdim ki, Premyer Liqada qalsaq, "Şaxtyor", "Dinamo" (Kiyev) və "Dnepr" istisna olmaqla, başqa klublara getməyəcəyəm. Çünki qalanları mənim üçün maraqlı deyildi. "Minay"da qalmağı üstün tutdum".

Əhmədzadə Avropada İngiltərə "Liverpul"u, İspaniya "Real Madrid"i və Fransa PSJ-sinə azarkeşlik etdiyini bildirib: "Madrid klubuna uşaqlıqdan azarkeşik edirəm. Bu komandanı çox sevirdim. Amma bu sevgi artıq əvvəlki qədər deyil".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023