Elə bil məşqçilər futbol oynayır - Daha çox “qırmızı”nı onlar alır

İDMAN

26 Sentyabr 2023 | 15:25

1420 dəfə oxunub

Azərbaycan Premyer Liqasının yeni mövsümü maraqlı olmaqla yanaşı, həm də gərginliklə yadda qalır. REYD xəbər verir ki, bu mövsüm keçirilən 7 tur ərzində hakimlər artıq 12 dəfə qırmızı vərəqəyə əl atıblar. 

Keçirilən 35 matça bu qədər “qırmızı” göstərilməsi matçlardakı gərginlikdən xəbər verir. Maraqlısı isə budur ki, qırmızı vərəqələrin əksəriyyəti rəsmi şəxslərin payına düşüb. 
Göstərilən 12 qırmızı vərəqədən 7-ni komandaların məşqçiləri alıbsa, 5-i futbolçulara verilib. 

İlk qırmızı vərəqə alan məşqçi ötən mövsüm də çılğınlığı ilə seçilən Murad Musayev olub. “Sabah”ın rusiyalı çalışdırıcısı 3-cü turda “Neftçi”yə qarşı keçirilən matçın 89-cu dəqiqəsində oyunun bərpasını yubatdığı üçün skamyadan qovulub. 


Növbəti “qırmızı”nı isə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev görüb. O, mövsümün startından sonra ilk qələbələrini qazandıqları “Zirə” ilə qarşılaşmada hakimə etiraza görə tirbunaya göndərilib. 

 “Zirə” – “Sumqayıt” matçında isə qonaqların baş məşqçisi Samir Abasov hakimin qəzəbinə tuş gəlib. Buna səbəb isə çalışdırıcının referini təhqir etməsi olub. Nəticədə S.Abasov AFFA İntizam Komitəsi tərəfindən də cəzalandırılıb. 

Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələrə görə “Qəbələ” liderliyə sahibdir. “Qırmızı qaralar”ın səfərdə “Turan Tovuz”la qarşılaşdığı oyunda Elmar Baxşıyevin köməkçisi Xaqani Məmmədov 30-cu dəqiqədə skamyadan qovulub. O da hakimə kəskin etiraza görə bu aqibətlə üzləşib. 

Son – 7-ci turda isə hakimlər rəsmi şəxslərə 3 qırmızı vərəqə göstərib. Əvvəlcə “Sumqayıt” – “Turan Tovuz” oyununda meydan sahiblərinin məşqçisi Mübariz Orucov tribunaya göndərilib. Buna səbəb onun referinin qərarlarına etiraz etməsi olub. 


Turun bağlanış matçı daha çox gərginliklə yadda qalıb. “Qəbələ”nin doğma meydanda “Qarabağ”ı qəbul etdiyi oyunda hakim iki rəsmi şəxsi stadiondan qovub. Əvvəlcə 42-ci dəqiqədə “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov “qırmızı” alıb. O, 42-ci dəqiqədə meydana daxil olaraq rəqib futbolçuya təzyiq etdiyi üçün sərt qərarla üzləşib. 

Daha sonra isə “Qarabağ”ın baş məşqçisi, təmkini ilə seçilən Qurban Qurbanov karyerasında ikinci dəfə qırmız vərəqə görüb. O, hakimlərin qərarına etiraz etdiyi üçün Elçin Məsiyevin qəzəbinə tuş gəlib. 

Rəsmi şəxslərin qırmızı vərəqə almasına görə “Qəbələ”nin birinci yerdə olduğunu qeyd etdik. İkinci pillədə isə “Sumqayıt” qərarlaşıb. 

Üstəlik, nəzərə almaq lazımdır ki, məşqçilər dəfələrlə sarı vərəqə ilə cəzalandırılıb. Murad Musayev 3 dəfə, Samir Abasov iki dəfə, Rəşad Sadıqov bir dəfə “sarı” almaqla kifayətlənib. 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023