Azərbaycan boksçuları beynəlxalq turnirdə 3 qızıl və 4 gümüş medal qazanıb

İDMAN

27 Iyun 2022 | 11:17

2709 dəfə oxunub

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın 2 boksçusu çempion tutuluna yiyələnib. 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmmədəli Qasımzadə (57 kq) də finalda komanda yoldaşının uğurunu təkrarlayıb. Avropa birinciliyinin mükafatçısı həlledici görüşdə bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayıb. Döyüşü 5:0 hesabı ilə aktivinə yazan boksçumuz turniri birinci yerdə başa vurub.

Tacı Nəsibov (50 kq) isə yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kq) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan himnini səsləndirib.

Komandamızın heyətində Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi turniri 7 medalla bitirib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023