FHN Yevlaxda əməyin təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirib

CƏMİYYƏT

02 Dekabr 2021 | 15:17

2626 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN Mərkəzi Aparatının, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Aran Regional Mərkəzinin məsul əməkdaşları, Aran Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

Seminar-müşavirədə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. P.Quluzadə sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, Taxıl məhsulları müəssisələrində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Asif Məmmədov, Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eltun Həsənov və Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Qaçabəyov, Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınmasından ötrü zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə olunub.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının suallarını cavablandırıblar.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023