Əməkdar artist Rüfət Babayev dəfn olunub 

MƏDƏNİYYƏT

21 Iyul 2023 | 14:35

909 dəfə oxunub

Mədəniyyət Nazirliyi Əməkdar artist Rüfət Babayevin ölümü ilə bağlı nekroloq yayıb.

REYD xəbər verir ki, nekroloqda deyilir:

“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev 19 iyul 2023-cü il tarixində, 58 yaşında Moskvada vəfat edib.

Rüfət Babayev 2 oktyabr 1965-ci ildə Bakıda məşhur “Qaya” ansamblının yaradıcılarından olan tanınmış müğənni, Xalq artisti Rauf Babayevin ailəsində dünyaya göz açıb.

1972-1983-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Zöhrab Adıgözəlzadənin fortepiano sinfində davam etdirib. 1987-ci ildən “Qaya” Dövlət Ansamblında solist (sintezator) kimi fəaliyyətə başlayıb. Eyni zamanda bu ansamblın nəzdində fəaliyyət göstərən “Talisman” qrupunda da solist olaraq çıxış edib.

Ömrünü “Qaya” ansamblına bağlayan ifaçı bu kollektivlə ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı konsertlər verib, Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən ifaçı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2019-cu ildən “Qaya” ansamblının direktoru idi”.

Həmçinin qeyd olunub ki, Rüfət Babayev iyulun 21-də Bakı şəhərində Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Allah rəhmət eləsin.

 

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023