Vilyam Hacıyevin məhkəməsində şahidlər ifadə verib

ÖLKƏ

13 May 2022 | 13:11

2475 dəfə oxunub

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

 REYD-in xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ittihamda "DOST" İş Mərkəzinin vasitəsilə işə düzəldiyi bildirilən Xəyal Hacıyev dindirilib. O, ittihamda göstərilən kommunal xidmət kombinatında ümumiyyətlə, işləmədiyini deyib. İş üzrə şahid kimi tanınan Əhməd Əsədov isə məhkəmədə ifadə verə bilməyib. Ona görə məhkəmə şahidin istintaqda verdiyi ifadəni elan edib. Şahid ifadəsində xəstəliyinə görə ona 8 min manat yardım ayrıldığını, lakin həmin pulun 7200 manatının əlindən alındığını bildirib.Şahid İcra Hakimiyyətindən yardım alan zaman sənəd işlərinə qardaşı Aqil Həsənovun kömək etdiyini bildirib. Şahid məhkəmədə istintaqda nə dediyini xatırlamadığını, Aqil adlı qardaşının olmadığını deyib. Əhməd Həsənov istintaqdakı ifadəsinin sonunda çəkdiyi imzasını da tanımayıb. Şahid yol qəzası keçirdiyinə görə narkoz aldığını, buna görə də heç nəyi xatırlamadığını əlavə edib.

Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatət qaldıraraq şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Məhkəmə vəsatətə baxmayıb.

Proses mayın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023