Metronun depo yollarında dəmir-beton şpallar tətbiq edilib

ÖLKƏ

24 May 2023 | 10:39

938 dəfə oxunub

“Bakı Metropoliteni” QSC-nin depo yollarının yarıdan çox hissəsində dəmir-beton şpallar tətbiq edilib.

REYD-in məlumatına görə, “Bakı Metropoliteni”nin “Nərimanov” elektrik deposunda son illərdə həyata keçirilən yeniləşmə və müasir standartların tətbiqi baxımından yol təsərrüfatı xüsusi seçilir. Burada qatarların texniki baxış sahələrinin təmiri ilə yanaşı, tədbirlər planına uyğun olaraq, depo yollarına çıxan yol yatağı da tamamilə yenilənib. Bu yollarda ən müasir və texnoloji cəhətdən dövrün tələblərinə uyğun infrastruktur qurulub.

Bildirilib ki, əvvəlcə köhnə ağac şpallar üzərində olan dəmir yol yatağı sökülərək yeni tələblərə uyğun salınıb. Yeni yol infrastrukturunun quraşdırılması məqsədilə yeni tipli özül təbəqə qoyulub: “Ölkədə istehsal olunan dəmir-beton şpallardan istifadə edilməklə çınqıllı əsas üzərində tam yeni infrastruktur yaradılıb. İlk dəfə pandemiya dövründə uğurla tətbiq edilmiş ən innovativ yeniliklər burada da həyata keçirilib. Bu xüsusda 2021-ci ildə yoldəyişdirici qurğular tamamilə yeni əsaslar üzərində qoyulub. Metropolitendə ilk dəfə depo yollarında monolit dəmir-beton bloklar üzərində çevirici tirlərlə təmin edilmiş mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb. Bu, yolun üstquruluşu elementlərinin yeniliklərinin daha da modelləşdirilməsi və müasirləşdirilməsi deməkdir”.

“Bakı Metropoliteni” QSC-nin yol mütəxəssislərinin layihəsi əsasında hazırlanan bu yenilik qatarların yoldan çıxma ehtimalını minimuma endirməklə istismar şərtlərini daha sərfəli və səmərəli edir. Başqa sözlə, yoxlama-baxış, nəzarət-qulluq işləri xeyli sadələşdirilir. Açıq hava şəraitində, xüsusən Bakının iqlim mühitində davamlı və dağılmaya qarşı yüksək müqavimətə malikdir.

Qeyd edək ki, qanovlardan çıxan yollarla yanaşı, daha 5 zonada eyni qaydada yeniliklər tətbiq edilib. Ümumən yeni tipli infrastrukturla təmin edilmiş yoldəyişdirici qurğu dəmir-beton çevirici tirlər üzərindədir. Qanovların qarşısındakı sahədə olduğu kimi, daha 4 qurğu dəmir-beton monolit üzərində olmaqla yenidən qurulub.

Həmçinin bununla yanaşı, depo və park yollarında ağac şpalların dəmir-beton analoqları ilə əvəzlənməsi işi davam etdirilir. Depo və park yollarının 70 %-ə yaxın hissəsi artıq dəmir-beton şpallar üzərindədir. Bu isə ölkə xaricində istehsal olunan ağac şpallardan asılılığı azaltmaqla yanaşı, daha uzunömürlü, Bakının geoloji və iqlim şəraitinə uyğundur. Həmçinin bu, yollara qulluğun və təmir-baxış işlərinin keyfiyyətinin asanlaşması və təkmilləşdirilməsi deməkdir. Ənənəvi fəsil problemlərinin minimuma endirilməsi ilə yanaşı, depo yollarının təhlükəsizliyi və etibarlılığı da bununla yeni səviyyəyə qaldırılıb.

Depo yollarında təmir, yenidənqurma işləri kompleks tədbirlərin tərkib hissəsi kimi davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023