Təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.
Liderxeber.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib.
“Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir. Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə imkan verir.
Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər”, - məlumatda qeyd edilib.