2025-ci il Sumqayıt Tibb Mərkəzi üçün sadəcə növbəti fəaliyyət ili kimi deyil, səhiyyənin mahiyyət etibarilə yeniləndiyi, idarəetmə və xidmət yanaşmalarının keyfiyyətcə yeni mərhələyə keçdiyi mühüm bir dövr kimi yadda qalıb.
Liderxeber.az xəbər verir ki, il ərzində görülən işlər, həyata keçirilən islahatlar və qəbul edilən qərarlar təkcə rəsmi hesabatlarda deyil, minlərlə vətəndaşın sağlamlığında, həyat keyfiyyətində və səhiyyə sisteminə olan etibarında real nəticələrlə öz əksini tapıb.
Kliniki imkanların genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyentyönümlü yanaşmanın əsas prinsipə çevrilməsi Sumqayıt səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Bu gün Sumqayıt Tibb Mərkəzi yalnız tibbi xidmət göstərən qurum deyil, müasir səhiyyə modelinin tətbiq edildiyi və formalaşdırıldığı sistemli bir platforma kimi fəaliyyət göstərir.
Struktur və idarəetmə modeli
Sumqayıt Tibb Mərkəzi regionun ən böyük, çoxprofilli və strateji əhəmiyyətli səhiyyə müəssisələrindən biridir. 2020-ci ildən tətbiq edilən vahid idarəetmə modeli Mərkəzin fəaliyyətində koordinasiyanı gücləndirib, resurslardan səmərəli istifadəyə imkan yaradıb.
Hazırda 6 xəstəxana, 7 Ailə Sağlamlıq Mərkəzi, Perinatal Mərkəz və Stomatoloji poliklinikanı əhatə edən 15 tibb müəssisəsi vahid strategiya çərçivəsində fəaliyyət göstərir.
Mərkəz Sumqayıt şəhərinin 430 minə yaxın əhalisinə, o cümlədən 110 mindən artıq uşağa tibbi xidmət göstərir. Ümumi çarpayı fondu 1 085 yer təşkil edir. Bu imkanlar təkcə Sumqayıt sakinlərinin deyil, Bakı, Abşeron, Quba, Qusar, Siyəzən, Şabran və digər bölgələrdən müraciət edən vətəndaşların da hospitalizasiya ehtiyaclarının qarşılanmasına şərait yaradır.

İcbari tibbi sığorta sisteminin tətbiqi və nəticələri
İcbari tibbi sığorta sisteminin tətbiqi Sumqayıt Tibb Mərkəzində tibbi xidmətlərin əlçatanlığını əsaslı şəkildə dəyişib. Bir vaxtlar maliyyə baxımından əlçatmaz görünən mürəkkəb cərrahi əməliyyatlar, yüksək texnologiyalı diaqnostik müayinələr və uzunmüddətli stasionar müalicələr bu gün minlərlə vətəndaş üçün real tibbi xidmətə çevrilib. Əsas prinsip dəyişməz olaraq qalır: vətəndaş tibbi yardımı vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə almalıdır. Bu yanaşma pasiyentlərin səhiyyəyə olan etibarını artırıb və tibb müəssisələrinə müraciətlərin sayında davamlı artım yaradıb.
TƏBİB-in vahid idarəetmə yanaşması və səhiyyəyə etimad
TƏBİB tərəfindən formalaşdırılan vahid idarəetmə mexanizmləri Sumqayıt Tibb Mərkəzində səhiyyənin mahiyyət etibarilə dəyişməsinə səbəb olub. Bu dəyişikliklər yalnız təşkilati idarəetmədə deyil, insanların səhiyyəyə baxışında və tibbi yardıma olan münasibətində də özünü göstərir. Artıq vətəndaşlar tibbi yardıma son mərhələdə deyil, vaxtında və planlı şəkildə müraciət edir.
İdarəetmədə şəffaflıq və hesabatlılıq mexanizmləri
2025-ci il ərzində idarəetmədə şəffaflıq və sistemlilik əsas prioritetlərdən biri olub. Kadr uçotu, dərman və tibbi təchizatın dövriyyəsi, tibbi xidmətlərin qeydiyyatı və hesabatlılıq vahid elektron sistem üzərindən aparılıb. Pasiyent məmnunluğu üzrə tətbiq olunan monitorinq mexanizmləri vətəndaş müraciətlərinin real dəyişikliklərə çevrilməsinə imkan yaradıb.
Maddi-texniki bazanın gücləndirilməsi və texnoloji yenilənmə
2025-ci ildə maddi-texniki bazanın gücləndirilməsi Sumqayıt Tibb Mərkəzinin inkişaf strategiyasında xüsusi yer tutub. Laboratoriya və diaqnostika sahəsində müasir analizatorlar, onlarla USM və EXO cihazları, yeni rəqəmsal rentgenoqrafiya cihazları quraşdırılıb.
Neonatal CPAP aparatları, süni tənəffüs aparatları, reanimasiya monitorları, infuziya nasosları və anesteziya aparatları tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib.
Endoprotez əməliyyatlarının icrasına başlanılması
Yeni yaradılan mərkəzdə endoprotez əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatlar təkcə Sumqayıt sakinləri üçün deyil, ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlar üçün də icbari tibbi sığorta çərçivəsində həyata keçirilir və pasiyentlərin həyat keyfiyyətinin bərpasına xidmət edir.
Reanimasiya xidmətlərinin təşkili və intensiv terapiya imkanları
2025-ci ildə reanimasiya xidmətləri üzrə çarpayı sayı artırılıb, intensiv terapiya avadanlıqları yenilənib, monitorinq imkanları gücləndirilib. 1 nömrəli Xəstəxanada yeni Reanimasiya şöbəsinin yaradılması ağır vəziyyətdə olan pasiyentlərin vaxtında və təhlükəsiz intensiv müalicəyə cəlb olunmasına imkan verib.
2 nömrəli Xəstəxanada Hemodializ xidmətlərinin genişləndirilməsi
Qeyd edək ki, 1 nömrəli Xəstəxanada Hemodializ şöbəsi artıq fəaliyyət göstərirdi. 2025-ci ildə isə 2 nömrəli Xəstəxanada yeni Hemodializ şöbəsinin açılması hemodializ xidmətlərinə əlçatanlığı artırıb və xroniki böyrək çatışmazlığı olan pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib.
Oftalmologiya xidmətlərinin genişləndirilməsi
2025-ci ildə Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Xəstəxanada oftalmologiya xidmətləri əhəmiyyətli dərəcədə genişləndirilib. Müasir avadanlıqlar və uzman həkim heyəti hesabına göz xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi üzrə xidmətlərin həcmi artırılıb. Pasiyentlər artıq yüksək səviyyəli oftalmoloji xidmətlər üçün digər şəhərlərə müraciət etməyə ehtiyac duymur.
Neonatal cərrahiyyə xidmətlərinin təşkili
Sumqayıt Tibb Mərkəzində neonatal cərrahiyyə sahəsində ən mürəkkəb əməliyyatların icrası təmin olunub. Yeni doğulmuş körpələr üzərində həyata keçirilən bu cərrahi müdaxilələr yüksək ixtisaslı tibbi heyət və gücləndirilmiş maddi-texniki baza hesabına həyata keçirilir. Bu xidmətlər üçün təkcə Sumqayıt şəhərindən deyil, ölkənin müxtəlif bölgələrindən də müraciətlər daxil olur.
Cərrahi xidmətlərin həcmi və dinamikası
2025-ci il Sumqayıt Tibb Mərkəzi üçün cərrahiyyə sahəsində dinamik inkişafla xarakterizə olunan bir dövr olub. İl ərzində Mərkəzdə 27 774 cərrahi əməliyyat icra edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 24 696 əməliyyat təşkil edib. Beləliklə, bir il ərzində cərrahi müdaxilələrin sayı 3 mindən çox artaraq cərrahiyyə xidmətlərinə olan tələbatın və Mərkəzin imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini göstərib.
İcra olunan əməliyyatlar ortopediya, ümumi cərrahiyyə, uroloji, ginekoloji, oftalmoloji, travmatoloji və digər ixtisas sahələrini əhatə edib. Bununla yanaşı, 155 yeni növ cərrahi əməliyyatın icrasına başlanılması Sumqayıt Tibb Mərkəzində tibbi xidmətlərin daha mürəkkəb və ixtisaslaşmış mərhələyə keçdiyini təsdiqləyir.
Əməliyyatların müasir tibbi texnologiyalar tətbiq olunmaqla və ixtisaslı həkim heyəti tərəfindən icra edilməsi pasiyent təhlükəsizliyinin və müalicə keyfiyyətinin əsas təminatına çevrilib. Artan əməliyyat sayı eyni zamanda vətəndaşların yerli səhiyyə müəssisəsinə üstünlük verməsinin bariz göstəricisi kimi qiymətləndirilir.
Qeyd olunmalıdır ki, icra olunan cərrahi əməliyyatların sayına görə Sumqayıt Tibb Mərkəzi ölkə üzrə ilk iki tibb müəssisəsindən biri kimi mövqeyini qoruyur.
Statistik göstəricilər və tibbi xidmətlərin həcmi
2025-ci il ərzində Sumqayıt Tibb Mərkəzində 5 milyon 772 min 444 tibbi xidmət göstərilib, 1 milyon 530 min 81 müraciət qeydə alınıb. 2024-cü illə müqayisədə tibbi xidmətlərin həcmi 414 min 376 vahid, yəni təxminən 7,7 faiz artıb.
Bu artım xəstəliklərin çoxalması deyil, səhiyyə sisteminə etibarın güclənməsi, profilaktik müayinələrin genişlənməsi və tibbi xidmətlərin real mənada əlçatan olması kimi qiymətləndirilməlidir. Göstərilən tibbi xidmətlərin həcminə görə Sumqayıt Tibb Mərkəzi ölkə üzrə ən çox xidmət göstərən ilk üç tibb müəssisəsindən biri olaraq aparıcı mövqeyini qoruyur.
İdarəetmə və gələcək inkişaf istiqamətləri
Sumqayıt Tibb Mərkəzinə 2024-cü ilin yanvar ayından etibarən invaziv kardioloq, “Tərəqqi” medallı Elnur Azadxanov rəhbərlik edir.
Qarşıdakı dövrdə üz-çənə cərrahiyyəsi, mikroskopik neyrocərrahiyyə, torakal cərrahiyyə və İnsult Mərkəzinin yaradılması əsas inkişaf istiqamətləri kimi müəyyən edilib.








