• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

Bu gün, 16:07
“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Texniki Universitetinin rektoru, Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Xalq qəzetinə müsahibə verib.

Liderxeber.az həmin müsahibəni təqdim edir:

– Vilayət müəllim, qardaş ölkə ilə birgə universitet qurmaq hansı zərurətdən yarandı və ortaq fəaliyyət necə həyata keçirilir?

– Türkiyə-Azərbaycan Universitetinin yaradılması ideyası iki ölkə arasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlığın ali təhsil sahəsində institusional müstəviyə daşınması məqsədindən irəli gəlir. Bu təşəbbüs Azərbaycan və Türkiyə prezidentlərinin müxtəlif görüşlərində vurğulanan “ortaq gələcək üçün ortaq təhsil” yanaşmasının praktiki təzahürüdür.

TAU klassik universitet modeli olmaqdan daha çox, iki ölkənin aparıcı ali məktəblərinin elmi və akademik potensialını birləşdirən unikal modeldir. TAU “çətir universitet” modelidir. Türkiyə tərəfdən Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti, Azərbaycan tərəfdən isə Azərbaycan Texniki Universiteti (AzTU) bu modelin əsas tərəfdaşlarıdır.

Onu qeyd edim ki, rəqəmsallaşma və sürətlə dərinləşən sənaye inqilabı şəraitində ali təhsildə klassik ölkələrin yenidən universitet yaratmaq modeli artıq öz aktuallığını itirib. Müasir dünyada dəyər yaradan model, ölkələrin yenidən universitet yaratması deyil, bilik ekosistemləri və qabaqcıl akademik məktəblər üzərində qurulur. Yəni bu gün universitetlər dövlətlərin coğrafiyasına görə yox, rəqabətədavamlı proqramlarına, texnoloji üstünlüklərinə və elmi məktəblərinə görə bir araya gəlir.

Türkiyə-Azərbaycan Universiteti də məhz bu yeni qlobal məntiq əsasında formalaşıb: ODTÜ, İTÜ və Hacettepe kimi regionun və dünyanın qabaqcıl universitetlərinin ən güclü ixtisasları vahid platformada birləşdirilib. Bu yanaşma TAU-ya texnologiyayönümlü, rəqabətqabiliyyətli və qlobal əmək bazarına uyğun bir universitet kimi formalaşmaq imkanı verir. Məhz buna görə TAU-nun üstünlüyü onun iki qardaş ölkənin ən güclü akademik ekosistemlərini bir araya gətirməsindədir. Burada ana məqsədlərdən biri də ən keyfiyyətli universitetlərin ən güclü proqramlarının Azərbaycana transformasiya edilməsi yolu ilə ölkəmizdə yeni mütəxəssis hazırlığı ekosistemi yaratmaqdan ibarət olmuşdur.

Tədris proqramları tam şəkildə tərəfdaş universitetlərin mövcud, beynəlxalq səviyyədə tanınan akademik standartları əsasında icra olunur: TAU-da tədris olunan kompüter mühəndisliyi ODTÜ, sənaye mühəndisliyi İTÜ və qida mühəndisliyi isə Hacettepe Universitetinin beynəlxaq rəqabət üstünlüyünə malik ixtisaslarıdır. Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr hazır, sınaqdan keçmiş və yüksək reytinqli proqramlar əsasında təhsil alırlar.

Hazırda TAU-da son iki tədris ilində qəbul üzrə müvafiq olaraq 82 və 92 tələbə olmaqla ümumilikdə 174 tələbə təhsil alır və yüksək qəbul balları universitetin artıq ilk mərhələdən güclü rəqabət mühiti formalaşdırdığını göstərir. ODTÜ-nün Kompüter mühəndisliyi proqramında ən yüksək balların 684.9 və 674.3 olması bu sahənin ölkənin rəqəmsal iqtisadiyyatı və texnologiya təhlükəsizliyi üçün strateji əhəmiyyətini əks etdirir. İTÜ-nün Sənaye mühəndisliyi proqramında 663.7 və 654.4 ballıq göstəricilər istehsalın, idarəetmənin və resurs səmərəliliyinin yeni iqtisadi modeldə əsas rol oynadığını nümayiş etdirir. Hacettepe Universitetinin Qida mühəndisliyi üzrə 632.8 və 553.6 ballıq nəticələri isə milli qida təhlükəsizliyi və sağlamlıq infrastrukturunun gücləndirilməsinə yönəlmiş kadr siyasətinin göstəricisidir. Bu üç istiqamətin bir platformada birləşməsi TAU-nu ölkənin rəqəmsal, sənaye və sosial təhlükəsizliyini eyni vaxtda dəstəkləyən strateji kadr mərkəzinə çevirir, ölkəmiz üçün yalnız bu günün deyil, gələcəyin kadr ehtiyaclarını qarşılayacaq mütəxəssislərin hazırlanmasına layiqincə xidmət edir. Burada əsas məsələ tələbə sayının artırılması deyil, yeni model ali təhsil mühiti və müasir təlim texnologiyalarının formalaşdırılması diqqətdə saxlanılır.

– “Çətir universitet” nə deməkdir və bu model klassik universitetdən nə ilə fərqlənir?

– “Çətir universitet” modeli müasir ali təhsildə ən qabaqcıl yanaşmalardan biridir və onun mahiyyəti ondan ibarətdir ki, müxtəlif ölkələrin və aparıcı universitetlərinin ən güclü akademik sahələri vahid məqsəd, vahid idarəetmə və vahid keyfiyyət standartları altında birləşdirilir. Türkiyə-Azərbaycan Universitetində bu model yeni universitet yaratmağın klassik məntiqindən kənara çıxaraq, Türkiyənin və Azərbaycanın aparıcı ali məktəblərinin – ODTÜ, İTÜ, Hacettepe Universiteti və AzTU-nun ortaq akademik platformada birləşməsi formasında reallaşdırılıb. TAU bu mənada ayrı-ayrı universitetlərin mexaniki cəmi deyil, onların ən güclü ixtisaslarının sintezi əsasında qurulan yeni nəsil modern universitet modelidir.

Bu modelin əsas fərqi ondadır ki, hər ixtisas sahəsi üzrə tədris həmin sahədə regional və beynəlxalq səviyyədə tanınmış akademik məktəbin proqramı əsasında aparılır: kompüter mühəndisliyində ODTÜ-nün, sənaye mühəndisliyində İTÜ-nün, qida mühəndisliyində isə Hacettepe Universitetinin proqramları tətbiq olunur. Bu yanaşma tələbələrə bir universitetin deyil, bir neçə aparıcı universitetin akademik mədəniyyətini və elmi ənənəsini eyni vaxtda əldə etmək imkanı verir və onları qlobal əmək bazarına daha hazırlıqlı çıxarır.

Qəbul planı da bu modelin strateji mahiyyətini əks etdirir: 2024/2025-ci tədris ilində hər ixtisas üzrə 30 yer, 2025/2026-cı ildə isə kompüter mühəndisliyi üzrə 60, digər ixtisaslar üzrə 30 yer olmaqla ümumilikdə 120 tələbə müəyyən edilib. Seçim mexanizmi yüksək rəqabət üzərində qurulub – minimal keçid balları kompüter mühəndisliyi üzrə 550, sənaye mühəndisliyi üzrə 500, qida mühəndisliyi üzrə 450-dir və semestrlər üzrə bütün qiymətləndirmə Türkiyə ali təhsil sisteminin meyarları əsasında aparılır. Bu, TAU-da keyfiyyətin və akademik ciddiliyin əsas prioritet olduğunu göstərir.

Son iki tədris ilinin və üç semestrdə aparılan qiymətləndirmələrin nəticələri təsdiq edir ki, bu model özünü doğruldur. TAU getdikcə daha çox yüksək bal toplayan, intellektual potensialı güclü olan gəncləri cəlb edir.

“Açıq qapı” günlərində abituriyentlərin və valideynlərin böyük marağı da bu universitetə olan inamın göstəricisidir. Göstəricilərin ildən-ilə yüksəlməsi onu göstərir ki, TAU artıq qısa müddətdə rəqabətədavamlı, seçici və keyfiyyətyönümlü ali təhsil mərkəzi kimi formalaşır. Məhz bu səbəbdən universitetin yaxın illərdə daha geniş tanıdılması, daha çox istedadlı gəncin cəlb edilməsi və TAU-nun regional miqyasda güclü akademik brendə çevrilməsi üçün xüsusi kommunikasiya və maarifləndirmə layihələri həyata keçiririk.

– Universitetin müəllim heyəti hansı prinsiplərlə formalaşdırılır?

– Türkiyə-Azərbaycan Universitetində müəllim heyətinin formalaşdırılması təsadüfi deyil, dəqiq müəyyən edilmiş akademik keyfiyyət və beynəlxalq standartlar əsasında aparılır. Çünki TAU-nun əsas iddiası yalnız yeni universitet olmaq deyil, regionda ən yüksəksəviyyəli tədrisi həyata keçirən akademik mərkəzlərdən birinə çevrilməkdir. Bu səbəbdən də bütün tədris prosesi ingilis dilində qurulub və tərəfdaş universitetlərin – ODTÜ, İTÜ və Hacettepe Universitetinin proqramları birbaşa tətbiq olunur.

İxtisas fənləri üzrə tədris əsasən Türkiyənin bu aparıcı universitetlərindən dəvət olunan professor və dosentlər tərəfindən həyata keçirilir. Məsələn, kompüter mühəndisliyi üzrə ODTÜ-nün, sənaye mühəndisliyi üzrə İTÜ-nün, qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin ən güclü akademik heyəti TAU-da dərs deyir. Humanitar və sosial fənlər üzrə isə biz yerli potensiala üstünlük verərək azərbaycanlı müəllimləri cəlb etmişik. Bu yanaşma milli akademik mühitlə beynəlxalq tədris standartlarının balansını təmin edir.

Xüsusilə hazırlıq mərhələsi TAU modelinin əsas dayaqlarından biridir. Bu mərhələdə ODTÜ-nün ingilis dili üzrə hazırlıq proqramı tətbiq olunur ki, bu proqram dünya miqyasında ən mükəmməl akademik dil hazırlıq sistemlərindən biri hesab edilir. Məhz buna görə də TAU-ya yeni qəbul olunan tələbələrin bilik səviyyəsi ODTÜ-nün İngilis Dili Yetərlilik İmtahanı əsasında qiymətləndirilir. Bu imtahandan uğurla keçənlər birbaşa birinci kursa başlayır, tələblərə cavab verməyənlər isə bir il ərzində hazırlıq proqramında təhsil alaraq ingilis dillərini akademik səviyyəyə çatdırırlar.

Eyni zamanda, biz TAU-nun uzunmüddətli dayanıqlı akademik inkişafını təmin etmək üçün azərbaycanlı müəllimlərin hazırlanmasına xüsusi önəm veririk. Bu məqsədlə artıq doktorantura proqramları vasitəsilə yeni nəsil akademik kadrların hazırlanması barədə qərar qəbul etmişik. Gənc azərbaycanlı tədqiqatçıların ODTÜ, İTÜ və Hacettepe kimi universitetlərin akademik məktəbləri ilə inteqrasiyası gələcəkdə TAU üçün yüksəksəviyyəli yerli professor-müəllim bazasının formalaşmasına xidmət edəcək.

Paralel olaraq, biz ingilis dili tədrisinə müsabiqə əsasında azərbaycanlı müəllimlərin cəlb olunması prosesinə artıq başlamışıq. Çox çətin və rəqabətli seçim mərhələsindən keçməklə iki yüksəksəviyyəli ingilis dili müəllimi artıq seçilib və bu proses mərhələli şəkildə davam etdiriləcək. Məqsəd odur ki, ODTÜ-nün dil standartlarına tam cavab verən yerli müəllimlər tədricən hazırlıq proqramına inteqrasiya olunsun.

Növbəti mərhələdə isə baza fənləri – riyaziyyat, fizika, kimya və biologiya üzrə müəllimlərin seçilməsi üçün açıq və rəqabətli müsabiqələr elan ediləcək. Çünki bu fənlər mühəndislik və təbiət elmləri üzrə təhsilin əsasını təşkil edir və onların yüksək səviyyədə tədrisi TAU-nun akademik keyfiyyətinin əsas təminatlarından biridir.

Beləliklə, TAU-da müəllim heyətinin formalaşdırılması beynəlxalq keyfiyyət, milli potensial və gələcək kadr davamlılığı prinsiplərinin sintezi əsasında qurulur və bu model universitetin uzunmüddətli uğurunun əsas zəmanətlərindən biridir.

– TAU-nun xüsusi üstünlükləri nələrdir?

– Türkiyə–Azərbaycan Universitetində təhsil almağın əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr Azərbaycandan çıxmadan birbaşa Türkiyənin qabaqcıl ali təhsil modelinə daxil olurlar və ODTÜ, İTÜ və Hacettepe kimi universitetlərin akademik standartları ilə formalaşırlar. Bu, məzunların diplomlarının beynəlxalq tanınma imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, onların həm regional, həm də qlobal əmək bazarında daha rəqabətqabiliyyətli mövqeyə malik olmalarına şərait yaradır. Tədrisin tam şəkildə ingilis dilində aparılması tələbələrin qlobal texnoloji və elmi mühitə birbaşa inteqrasiyasını təmin edən mühim üstünlüklərdən biridir.

TAU modelinin ən fərqləndirici cəhətlərindən biri universitet-sənaye inteqrasiyasının tədrisin mərkəzinə yerləşdirilməsidir. Burada tələbələr yalnız nəzəri bilik əldə etmirlər, onlar real sənaye problemləri, laboratoriya layihələri və tətbiqi tədqiqatlarda birbaşa iştirak edirlər. Bunun bariz nümunəsi kimi qeyd edə bilərəm ki, artıq bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub. Onlar universitetin laboratoriyalarında müəllim köməkçisi kimi çalışırlar. Bu tələbələr həm qəbul imtahanlarında, həm də TAU-nun daxili akademik qiymətləndirmələrində ən yüksək nəticə göstərmiş gənclərdir. Bu yanaşma tələbənin ikinci kursdan etibarən artıq akademik və tədqiqat mühitinin aktiv üzvünə çevrilməsinə imkan yaradır.

Universitetdə müasir beynəlxalq standartlara uyğun laboratoriya infrastrukturu qurulub. Qida texnologiyaları, mikrobiologiya, fizika, mühəndislik və proqramlaşdırma üzrə laboratoriyalar yalnız tədris üçün deyil, həm də tədqiqat və sənayeyönümlü layihələr üçün istifadə olunur. İmtahanların və praktiki məşğələlərin birbaşa bu laboratoriyalarda keçirilməsi tələbələrin nəzəri biliklərini real texnoloji mühitdə sınaqdan keçirməsinə şərait yaradır.

TAU-nun təşəbbüsü ilə yaradılan Milli Qida Texnologiyaları Platforması universitetin ölkə miqyasında elm-təhsil-sənaye əlaqələrini gücləndirməsinin ən mühüm nümunələrindən biridir. Bu platforma Türkiyə–Azərbaycan Universiteti ilə yanaşı, AzTU, ADNSU, UNEC, BDU, BMU, ATMU və ADA–İtaliya Azərbaycan Universitetini bir araya gətirir və qida mühəndisliyi və qida sənayesinin inkişafı üçün vahid elmi-tədris məkanı formalaşdırır. Artıq platformanın beş iclası keçirilib və Hacettepe Universitetinin proqramı əsasında Azərbaycan universitetlərində qida mühəndisliyi üzrə daha müasir, daha dərin və sənayeyönümlü tədris planlarının hazırlanmasına başlanılıb.

Eyni yanaşma kompüter mühəndisliyi və sənaye mühəndisliyi sahələrində də tətbiq olunur. Kompüter mühəndisliyi üzrə süni intellekt, kibertəhlükəsizlik, IoT və kritik infrastruktur sistemləri istiqamətində ixtisaslaşmış laboratoriya və platformaların yaradılması üzərində işləyirik. Bu sistemlər həm sənaye, həm də müvafiq dövlət qurumları ilə birgə işləmək üçün nəzərdə tutulur. Məqsəd yalnız proqramçı yox, milli rəqəmsal təhlükəsizlik və texnoloji müstəqillik üçün mühəndislər yetişdirməkdir.

Sənaye mühəndisliyi isə Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bu sahə istehsalın, logistikanın, idarəetmənin və resursların səmərəliliyinin əsasını təşkil edir. TAU-da bu istiqamət üzrə xüsusi laboratoriya və proqram paketləri, sənaye müəssisələri ilə birgə data əsaslı optimallaşdırma, proseslərin yenidən dizaynı və idarəetmə modelləri hazırlanır. Biz sənaye müəssisələrinin birbaşa daxil ola biləcəyi əməkdaşlıq platforması formalaşdırırıq ki, tələbələr real biznes və istehsal mühitində öyrənsinlər.

Beləliklə, TAU-nun üstünlüyü təkcə diplom və ya tədris dili ilə məhdudlaşmır. Bu universitet təhsil, tədqiqat, sənaye və texnologiya təhlükəsizliyini bir sistem daxilində birləşdirən, Azərbaycan üçün yeni nəsil kadrlar formalaşdıran strateji platformadır.

– Gələcəkdə xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırırsınızmı?

– Bəli, bu istiqamətdə çox aydın və hüquqi cəhətdən təsbit olunmuş planlarımız var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2024-cü il tarixli “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı TAU-nun yalnız milli deyil, beynəlxalq universitet kimi formalaşdırılmasını nəzərdə tutur. Bu sənəd universitetin fəaliyyətinə hüquqi status verməklə yanaşı, onun xarici tələbə və professorları cəlb etməsinə, beynəlxalq təhsil və tədqiqat məkanına inteqrasiyasına açıq yol yaradır.

Sərəncamın mahiyyətində çox mühüm strateji mesaj var: Türkiyə-Azərbaycan Universiteti yalnız Azərbaycan və Türkiyə üçün deyil, region və daha geniş coğrafiya üçün açıq akademik platforma kimi nəzərdə tutulur. Bu, TAU-nun gələcəkdə Orta Asiya, Qafqaz, Yaxın Şərq və Avropa ölkələrindən tələbələri cəlb edə bilməsi, həmçinin beynəlxalq proqramlar və ikili diplom mexanizmləri vasitəsilə beynəlxalq tələbə axını yaratması deməkdir.

Eyni zamanda, Sərəncam universitetə tərəfdaş ali məktəblərlə birgə proqramlar, mübadilə mexanizmləri, yay məktəbləri və birgə diplom layihələri həyata keçirmək üçün hüquqi və institusional imkanlar verir. Bu isə o deməkdir ki, gələcəkdə Türkiyədən və digər ölkələrdən olan tələbələr TAU-da təhsil ala biləcək, TAU tələbələri isə tərəfdaş universitetlərdə bir və ya bir neçə semestr keçərək beynəlxalq akademik təcrübə qazana biləcəklər.

Strateji hədəfimiz ondan ibarətdir ki, TAU mərhələli şəkildə beynəlxalq tələbə portfeli olan, çoxmədəniyyətli və çoxdilli akademik mühitə malik regional ali təhsil mərkəzinə çevrilsin. Bu yalnız universitetin nüfuzunu artırmaq deyil, həm də Azərbaycanın elm və təhsil sistemini qlobal dövriyyəyə daxil etmək, ölkəmizi Cənubi Qafqaz və Avrasiya məkanında təhsil mərkəzinə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Prezidentin müvafiq Sərəncamı TAU-nun gələcək inkişaf xəttini aydın müəyyən edir: bu universitet yerli deyil, beynəlxalq səviyyəli akademik platforma kimi qurulur və xarici tələbələrin cəlb edilməsi bu strategiyanın ayrılmaz hissəsidir.

– Tələbə qəbulu hansı qaydalara əsasən aparılır?

– Türkiyə-Azərbaycan Universitetinə qəbul prosesi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin qaydalarına tam uyğun şəkildə həyata keçirilir. Yəni abituriyentlər əvvəlcə ümumi qəbul imtahanında iştirak edir, müvafiq bal toplayır və digər universitetlərdə olduğu kimi ixtisas seçimi mərhələsində TAU-nu seçirlər. Bu, universitetin ölkənin ali təhsil sisteminə tam inteqrasiyasını və şəffaf qəbul mexanizmini təmin edir.

Eyni zamanda, TAU-nun bir mühüm xüsusiyyəti də ondan ibarətdir ki, qəbul olmaq avtomatik olaraq birinci kursa başlamaq demək deyil. Çünki tədris tam şəkildə ingilis dilində aparılır. Buna görə də universitetə qəbul olunan bütün tələbələr ilk mərhələdə ODTÜ-nün tələblərinə uyğun İngilis Dili Yetərlilik İmtahanı verirlər. Bu imtahandan tələb olunan balı toplayanlar birbaşa əsas təhsilə – birinci kursa başlayır, tələb olunan səviyyəyə çatmayanlar isə bir il müddətində Hazırlıq proqramında oxuyaraq ingilis dillərini akademik standartlara uyğun səviyyəyə çatdırırlar.

Bu mexanizm TAU-da tədrisin keyfiyyətini qorumaqla yanaşı, tələbələrin həm akademik, həm də beynəlxalq mühitdə uğurla fəaliyyət göstərə bilmələri üçün zəruri dil bazasını təmin edir.

– Qeyd etdiniz ki, tərəfdaş universitetlərin tədris proqramları əsasında təhsil alan tələbələr həmin universitetlərin diplomlarını alacaqlar. Bəs tələbələrə təhsil müddətində həmin universitetləri görmək, orada olmaq və akademik mühiti yaxından tanımaq imkanı yaradılırmı?

– Bəli, bu imkan TAU modelinin ən mühim və fərqləndirici üstünlüklərindən biridir. Türkiyə-Azərbaycan Universitetinə qəbul olunan hər bir tələbə artıq ilk gündən bilir ki, o yalnız Bakıda deyil, eyni zamanda, ODTÜ, İTÜ və Hacettepe Universitetlərinin akademik sisteminin bir hissəsi kimi təhsil alır və məzun olduqda həmin universitetlərin diplomlarına sahib olacaq. Bu isə sadəcə formal hüquq deyil, real akademik inteqrasiyadır.

Məhz buna görə də biz hər il TAU-ya yeni qəbul olunan bütün tələbələrin təhsil aldıqları ixtisaslar üzrə müvafiq tərəfdaş universitetlərə səfərlərini təşkil edirik. Bu səfərlər adətən birhəftəlik intensiv proqram şəklində həyata keçirilir və tələbələrin həm tədris mühiti, həm də kampus həyatı ilə yaxından tanış olmalarına imkan yaradır.

Artıq ilk qəbul olunan tələbələrimiz 2024-cü ildə COP29 ərəfəsində və cari ilin sonunda iki dəfə – hər dəfə birhəftə olmaqla – İstanbul Texniki Universitetində, Orta Doğu Texniki Universitetində və Hacettepe Universitetində olublar. Bu səfərlər çərçivəsində tələbələr yalnız kampusları gəzməklə kifayətlənməyiblər, eyni zamanda, laboratoriyalar, tədqiqat mərkəzləri, innovasiya ofisləri ilə tanış olub, dərslərdə iştirak ediblər, professorlarla ünsiyyət qurublar. Onların asudə vaxtının səmərəli təşkili üçün mədəni və elmi tədbirlər də proqramda yer alıb.

Bu səfərlərin mühüm tərəflərindən biri də odur ki, tələbələrimiz tərəfdaş universitetlərin rektorları və rəhbərliyi ilə görüşür, gələcək imkanlar, akademik yollar və tədqiqat perspektivləri barədə birbaşa məlumat alırlar. Mən özüm də həmin dövrlərdə tərəfdaş universitetlərə səfər edir, tələbələrimizin təəssüratlarını dinləyir və bu proqramların keyfiyyətini yerində qiymətləndirirəm. Tələbələrin motivasiyası və akademik baxımdan qazandıqları bu səfərlərin nə qədər təsirli olduğunu açıq şəkildə göstərir.

Gələcək mərhələdə bu səfərlər yalnız yeni qəbul olunanlarla məhdudlaşmayacaq. Müxtəlif kurslardan olan tələbələrin də akademik göstəricilərinə, dil səviyyələrinə və ixtisas uğurlarına uyğun olaraq qısamüddətli təcrübələr, yay məktəbləri, bir semestrlik təhsil və tədqiqat proqramları çərçivəsində tərəfdaş universitetlərə göndərilməsi nəzərdə tutulur. Məqsəd ondan ibarətdir ki, TAU tələbələri təkcə diplom baxımından deyil, real akademik və mədəni təcrübə baxımından da beynəlxalq mühitin bir parçasına çevrilsinlər.

Bir sözlə, tələbələrin istər yüksəkkeyfiyyətli tədris alması, istərsə də dünyagörüşünün müasir səviyyədə formalaşdırılması bizim üçün prioritetdir.

– Təşəkkür edirəm, Vilayət müəllim.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

6-08-2025, 12:40

“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

Ölkə
“Şamaxinka”da yeni işıqforlar quraşdırılır
“Şamaxinka”da yeni işıqforlar quraşdırılır
“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”
“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
Sabah 16° şaxta olacaq
Sabah 16° şaxta olacaq
Siyasət
Hindistanın etnik azlıqlara qarşı irqçi siyasəti ilə bağlı konfrans keçiriləcək
Bu gün, 16:42
Hindistanın etnik azlıqlara qarşı irqçi siyasəti ilə bağlı konfrans keçiriləcək
“İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”
Bu gün, 14:02
“İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”
TRIPP-in icrasına dair bəyanat qəbul olundu
Bu gün, 08:25
TRIPP-in icrasına dair bəyanat qəbul olundu
Su ilə bağlı Dövlət Proqramı təsdiqləndi
12-01-2026, 16:11
Su ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Prezidentdən su ilə bağlı şad xəbər
12-01-2026, 15:44
Prezidentdən su ilə bağlı şad xəbər
Diplomlarla bağlı qaydalar təsdiqləndi
8-01-2026, 17:02
Diplomlarla bağlı qaydalar təsdiqləndi
Xəbər Lenti
  • Bu gün, 17:56
    İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı
  • Bu gün, 17:52
    Qanazlığı yaddaşı və diqqəti zəiflədir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqladı
  • Bu gün, 17:49
    Kommunal xidmətlərdə fasilə yaranmaması üçün qurumlar hansı tədbirlər görüblər?
  • Bu gün, 16:42
    Hindistanın etnik azlıqlara qarşı irqçi siyasəti ilə bağlı konfrans keçiriləcək
  • Bu gün, 16:19
    “Şamaxinka”da yeni işıqforlar quraşdırılır
  • Bu gün, 16:07
    “Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”
  • Bu gün, 15:35
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Bu gün, 14:02
    “İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”
  • Bu gün, 13:30
    Sabah 16° şaxta olacaq
  • Bu gün, 12:00
    AKAF iclas keçirdi - Yeni qərarlar qəbul edildi
  • Bu gün, 11:53
    Azərbaycanda “transfer pəncərəsi” açıldı
  • Bu gün, 10:48
    Trampdan İrana hələ zərbə endirməməyi xahiş etdilər
  • Bu gün, 09:56
    Qatarlar havaya görə gecikə bilər
  • Bu gün, 09:04
    2976-cı ili qarşıladılar - Fotolar
  • Bu gün, 08:25
    TRIPP-in icrasına dair bəyanat qəbul olundu
  • Bu gün, 08:21
    “Tramp administrasiyasını İrana hücumdan çəkindirməyə çalışırlar”
  • Dünən, 17:09
    Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı - 90 qəpik olur
  • Dünən, 16:34
    Məktəbli bacı-qardaşı maşınla vurub öldürənə - 10 il həbs!
  • Dünən, 16:09
    General Kazımov təqaüdə göndərildi
  • Dünən, 15:27
    Yaşlılar üçün stresi azaltmağın yolu
  • Dünən, 14:09
    Azyaşlıları oğurluğa məcbur edən qohumlar həbs edildi - Video
  • Dünən, 13:48
    Qurban Qurbanovdan transfer anonsu
  • Dünən, 13:07
    Oktay Kaynarca saxlanıldı
  • Dünən, 13:00
    Sabah Bakıya sulu qar yağacaq
  • Dünən, 12:26
    Rayon məktəblərində distant təhsilə başlanıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə