Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb.
Liderxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.
Fərmanla müəyyən edilib ki, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat vəsait ayrılıb.
Nazirlər Kabineti Zəngilan şəhərinin yaxınlığında 1424,55 (min dörd yüz iyirmi dörd tam yüzdə əlli beş) hektar və Qubadlı rayonunun Tatar kəndi yaxınlığında 164,15 (yüz altmış dörd tam yüzdə on beş) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təklifləri nəzərə alınmaqla, Zəngilan Aqroparkında istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə Zəngilan Aqroparkının xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və orada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə zəruri kömək göstərməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.