“Euronews” Orta Dəhliz və Azərbaycanın regional tranzit habı kimi bu layihədə rolu haqqında reportaj hazırlayıb.
Liderxeber.az xəbər verir ki, reportajda Orta Dəhlizin əhəmiyyətinin getdikcə artması və Azərbaycanın Asiya-Avropa ticarət bağlantısının mərkəzində dayandığı qeyd olunur.
Bildirilir ki, Orta Dəhliz regional marşrutdan Asiya ilə Avropanı birləşdirən mühüm qitələrarası ticarət xəttinə çevrilir və Azərbaycanın marşrutun mərkəzində yerləşməsi ölkənin nəqliyyat və logistika əhəmiyyətini daha da artırır.
“Euronews”a danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Emil Məmmədov qeyd edib ki, Orta Dəhliz artıq yalnız tranzit marşrutu yox, getdikcə daha çox ticarət dəhlizinə çevrilir.
Onun sözlərinə görə, beynəlxalq tələbatın artması ilə marşrut üzrə daşımaların həcmi də yüksəlir. Rəqəmsal həllərin tətbiqi isə yüklərin izlənməsi, logistika proseslərinin idarə olunması və iştirakçı ölkələr arasında koordinasiyanın yaxşılaşdırılmasına imkan verir.
“Bizim Xəzər dənizi kimi üstünlüyümüz var və bu bizə Orta Dəhliz vasitəsilə nəqliyyatın effektivliyini artırmağa kömək edir. Buna görə də, Azərbaycanın coğrafi mövqeyi çox vacibdir. Hər bir ölkənin öz ekosistemi və infrastrukturu var. Orta Dəhlizin bir çox fərqli iştirakçıları var. Bu iştirakçılar arasında koordinasiyanın artırılması çox vacibdir. Müasir dövrdə karqonun harada yerləşdiyini, hansı mərhələdə olduğunu, hər hansı bir gecikmənin olub-olmadığını və göstəriləcək xidmətlərin vəziyyətini dərhal bilməliyik. Bunun üçün də rəqəmsal həll yollarından istifadə olunur”, - Emil Məmmədov vurğulayıb.
O, Orta Dəhlizin genişləndiyini və qitələrarası mahiyyət aldığını deyib.
Reportajda Bakı Beynəlxalq Dəniz Ticarət Limanın 2025-ci ilin 11 ayında təxminən 8 milyon ton karqo qəbul etdiyi, növbəti illərdə isə bu rəqəmin 25 milyon tona yüksəldiləcəyi qeyd olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanın Asiya və Avropa limanlarını birləşdirdiyini, limanda yük emalı həcminin 2025-ci ildə 40 faiz artmasının marşrut üzrə ticarət və tranzit axınlarının genişləndiyinin göstəricisi olduğu vurğulanıb.
“Mütəxəssislərin fikrincə, artan yük həcmləri, rəqəmsal logistika imkanlarının genişlənməsi və liman infrastrukturunun inkişafı Orta Dəhlizin gələcəkdə Asiya ilə Avropa arasında daha rəqabətqabiliyyətli alternativ marşruta çevrilməsinə şərait yarada bilər. Beləliklə, Azərbaycan yalnız Orta Dəhlizin tranzit ölkəsi kimi deyil, Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağı kimi mövqeyini gücləndirir”, - reportajda deyilir.