İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Liderxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
İsmayıl Ould Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.
Qonaq həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.




