Oktyabrın 24-də Vyananın “Urania” kinoteatrında Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və CEENEMA-nın təşkilatçılığı ilə Azərbaycan səssiz kinosuna həsr olunmuş film gecəsi keçirilib.
Liderxeber.az xəbər verir ki, Azərbaycan filmləri silsiləsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Bakı” (1898) və “Almaz” (1936) filmləri nümayiş olunub. Filmlərin nümayişi Azərbaycan Dövlət Film Fondunun təşkilati dəstəyi ilə həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan CEENEMA-nın təsisçisi Magdalena Zelasko Azərbaycan kinematoqrafiyasının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. O, Azərbaycan filmlərinin Avstriya tamaşaçılarına təqdim olunmasının əhəmiyyətini vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib.
Film nümayişləri canlı musiqi ilə müşayiət olunub. Azərbaycanlı tarzən İbrahim Babayev və polşalı pianoçu Maçey Vışkeviç ifaları ilə səssiz kino nümunələrinə xüsusi ab-hava qatıblar.
Gecədə ilk olaraq kino tarixinin öncüllərindən Aleksandr Mişonun 1898-ci ildə lentə aldığı beş dəqiqəlik “Bakı” filmi nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasının ilk nümunələrindən hesab olunan ekran əsərində XIX əsrin sonlarında Bakı limanı və neft mədənləri əks olunub. Ardınca rejissorlar Ağarza Quliyev və Qriqori Braginskinin 1936-cı ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında çəkdikləri “Almaz” filmi təqdim edilib.
Azərbaycan kinematoqrafiyasının son səssiz filmi hesab olunan ekran əsəri ucqar dağ kəndinə müəllim kimi gələn gənc qadının qarşılaşdığı sosial ziddiyyətlərdən, köhnə adət-ənənələrə və mövcud ictimai münasibətlərə qarşı mübarizəsindən bəhs edir.
Film nümayişlərinin sonunda İbrahim Babayevin tarda ekspromt ifası və Maçey Vışkeviç pianoda müşayiəti tamaşaçılara xüsusi musiqi anları yaşadıb.
Tədbir Azərbaycan kino irsinin Avstriyada tanıdılması, eləcə də iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub.





