Niderlandda təxminən 2 yaşında ağır xəstə uşağa evtanaziya tətbiq edildiyi açıqlanıb.
Liderxeber.az xəbər verir ki, 2025-ci ilin sonunda vəfat edən uşağın həyatının ilk günlərindən ciddi sağlamlıq problemləri ilə mübarizə apardığı bildirilib.
Uşaq hamiləliyin 26-cı həftəsində vaxtından əvvəl doğulub. Onun ağır beyin zədələnməsi, serebral iflic, görmə pozğunluğu və müalicəyə davamlı epileptik tutmaları olub. Daha sonra uşağa Vest sindromu diaqnozu qoyulub və sepsis keçirdiyi də qeyd edilib.
Məlumata görə, epileptik tutmalar, əsasən, dərman müalicəsinə cavab verməyib. Uşaq yuxu və tənəffüs problemləri yaşayıb, ağciyərlərində selik yığılması isə nəfəs alma və udmanı çətinləşdirib.
Tibbi hesabatda uşağın təxminən 2 yaşında olarkən inkişaf səviyyəsinin 6 həftəlik körpənin inkişafına uyğun olduğu bildirilib. Müalicələrə baxmayaraq, onun ümumi vəziyyətində və inkişafında əhəmiyyətli yaxşılaşma gözlənilməyib.
Uşağın ailəsi və müalicə həkimi onun ağır və dözülməz əzab çəkdiyi qənaətinə gəlib.
Evtanaziya qərarından əvvəl uşağın vəziyyəti ilə bağlı müstəqil həkimlərdən də rəy alınıb. Mütəxəssislər arasında ilkin mərhələdə tam fikir birliyi olmayıb. Bəzi həkimlər epileptik tutmaların davamlı xarakter daşımadığını və əlavə dərman və palliativ müalicə variantlarının sınaqdan keçirilə biləcəyini bildiriblər. Daha sonra alınan ikinci müstəqil rəydə isə uşağın dözülməz əzabının açıq şəkildə müşahidə olunduğu və evtanaziya üçün tələb olunan şərtlərin yerinə yetirildiyi qənaətinə gəlinib.
İşi araşdıran komitə həkimin evtanaziya prosedurunu lazımi tibbi yardım qaydalarına uyğun həyata keçirdiyini müəyyən edib. Komitənin qiymətləndirməsinə görə, uşağın motor bacarıqları, davranışı və inkişafı ciddi şəkildə pozulub və vəziyyətində yaxşılaşma gözlənilməyib. Bununla yanaşı, evtanaziya ilə bağlı iş hüquqi qiymətləndirmə üçün prokurorluğa da təqdim edilir.
Niderlandda ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən 1-12 yaşlı uşaqlar üçün həyatın sonlandırılmasına dair qaydalar 1 fevral 2024-cü ildə qüvvəyə minib.
Qaydalara əsasən, uşağın ölümcül xəstəliyi olmalı, dözülməz və sağalmaz əzab çəkməli, bu əzabın digər ağlabatan vasitələrlə aradan qaldırılması mümkün olmamalıdır. Qərar həkim tərəfindən valideynlərlə məsləhətləşmə əsasında və mümkün olduğu halda uşağın fikri də nəzərə alınmaqla qəbul edilir.