Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir.
Liderxeber.az xəbər verir ki, Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Liza Nandi 16 yaşdan kiçik uşaqların “eBay”, “Facebook Marketplace”, “Vinted” və “Depop” kimi alış-veriş platformalarından istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.
Hökumət rəsmilərinin və hüquq müdafiəçilərinin qənaətinə görə, bu saytlardakı daxili çat və mesajlaşma bölmələri yad şəxslər tərəfindən uşaqların istismar edilməsi riskini artırır. Britaniyanın “The Children's Society” xeyriyyə təşkilatı bildirib ki, bəzi bədniyyətli istifadəçilər məhz bu platformalar üzərindən pul müqabilində uşaqlardan uyğunsuz fotolar tələb ediblər.
Hökumətdəki mənbələr 16 yaşdan kiçik uşaqların həmin platformalarda ciddi risklərlə üzləşdiyini təsdiqləyən çoxlu sübutların olduğunu və uşaqların internetdə qorunması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayırlar.
Xatırladaq ki, Britaniya hökuməti bu ilin iyun ayında 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işə başladığını elan edib.
Layihə çərçivəsində sosial media platformaları ilə yanaşı, oyun və canlı yayım tətbiqlərindəki mesajlaşma funksiyalarının məhdudlaşdırılması, uşaqların qadağaları aşmaq üçün istifadə etdiyi VPN xidmətlərinə çıxışın bloklanması nəzərdə tutulur.
Hökumət rəsmiləri sosial medianın uşaqların psixi sağlamlığına zərər vurduğunu, zorakılıq və təhlükəli məzmunların yayılmasını asanlaşdırdığını bildirirlər. Qanunvericilik aktının ilin sonunadək parlamentdən keçməsi və gələn ildən etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.