“Rusiya Ukrayna ilə atəşkəs deyil, uzunmüddətli sülh istəyir”.
Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Həm Prezident Putin tərəfindən, həm də digər səviyyələrdə dəfələrlə bəyan edilib ki, biz atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, seçkilər keçiriləcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin seçki günü Ukraynaya zərbələrin dayandırılması barədə göstəriş verməyə hazır olacaq:
“Lakin Zelenskinin tələb etdiyi 60 günlük atəşkəs əslində Kiyevə seçkilərin keçirilməsi üçün deyil, güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək üçün lazımdır. Əslində Ukrayna hakimiyyəti prezident seçkilərində maraqlı deyil”.
Qeyd edək ki, daha əvvəl Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.