Şotlandiyanın ucqar adalarından biri olan Şimali Ronaldsayda 34 ildən sonra ilk dəfə körpə dünyaya gəlib.
Liderxeber.az-ın xəbərinə görə, Elis Trayl Ford CNN-ə bildirib ki, oğlu Dunkan Uaylder Torşteyn Trayl Suarez Ford sentyabrın 15-də dünyaya gəlib.
Bu, Şimali Ronaldsayda 34 ildən sonra ilk doğuş olub.
Orkney adalarının ən şimalında yerləşən Şimali Ronaldsayın uzunluğu 4,8, eni isə 3,2 kilometrdir.
Elis Trayl Ford əri Xorxe Suarez və ailəsi ilə vaxtlarını Kosta-Rika ilə Şimali Ronaldsay arasında keçirir. İlkin plan Dunkanın Kosta Rikada dünyaya gəlməsi olub. Lakin ailə Şimali Ronaldsaya gələndə artıq geri dönüş uçuşlarını sifariş etsə də, doğuş planı dəyişib. Trayl Ford adanın onun üçün xüsusi və dəstəkləyici doğum mühiti olduğunu anlayaraq oğlunun burada dünyaya gəlməsinə qərar verib.
O, ada ilə əlaqəsinin onu hər il Şimali Ronaldsaya qaytardığını və oğlunun da körpəlikdən etibarən hər il adaya baş çəkəcəyini bildirib.
Şotlandiya hökumətinin 2024-cü il məlumatlarına görə, Şimali Ronaldsayın əhalisi 72 nəfər olub. Trayl Ford hazırda adada 51 nəfərin yaşadığını bildirib.
Doğuşdan sonra o, adadakı insanlara şans gətirdiyinə inanılan dörd yarpaqlı yonca və yerli kiçik dəniz qabıqları ilə bəzədilmiş kiçik viski şüşələri paylayıb.
Trayl Ford adada yaşayan insanların özlərini geniş ailə və uzaq qohumlar kimi hiss etdiklərini deyib. O, adada uzun müddət doğuş hadisəsinin baş verməməsini səhiyyə imkanlarının məhdudluğu ilə əlaqələndirib. Onun sözlərinə görə, adada həkim və xəstəxana yoxdur, yalnız tibb bacısı fəaliyyət göstərir.
O bildirib ki, bir çox insan doğuş zamanı yarana biləcək ağırlaşmalardan narahat olur və bu səbəbdən xəstəxanaya çıxış imkanının olduğu yerlərdə özünü daha təhlükəsiz hiss edir.
Şimali Ronaldsaydan Orkneyə qayıqla getmək təxminən 2 saat 40 dəqiqə çəkir. Təcili vəziyyət zamanı adaya sahil mühafizəsinin helikopteri göndərilir.