Azərbaycanın qərbində, Laçın rayonunun Qorçu kəndində mühəndislərdən ibarət komanda çətin bir layihəyə başladı.
Mürəkkəb relyef, çətin hava şəraiti... Mühəndislər burada yorulmadan çalışdılar. Dağlar yarıldı və nəticədə rekord müddətdə - dörd il ərzində beynəlxalq standartlara cavab verən hava limanı inşa edildi.
Layihə koordinatoru Səlim Akbay hava limanının niyə məhz bu ərazidə tikilməsi sualı ilə bağlı AzTV-yə açıqlama verib.
"Bu layihədə ən çətin məsələ başlayarkən hava limanını harada inşa edəcəyimiz idi. Bildiyiniz üzrə Laçın ərazisinin hər yeri dağlıqdır. Bu dağlar silsiləsi içərisində 1700-1800 metr yüksəklikdə bir hava limanı inşa etmək üçün öncə mühəndislərimiz bütün Laçın ərazisini addım-addım gəzərək ən uyğun yeri araşdırdılar. Gördüyünüz kimi ən uyğun yerdə belə dağlar var", - deyə o bildirib.