Xərçəngdən əziyyət çəkən Xalq artisti çətin günlərdən danışdı

MƏDƏNİYYƏT

26 Iyul 2022 | 13:57

2948 dəfə oxunub

"Hər 3 və ya 4 aydan bir Türkiyəyə gedirəm, müayinələrdən keçirəm. Yenə getmişdim, hər şey təmiz çıxdı. Qurban bayramında bizim ailəmiz üçün ikiqat bayram oldu". 

Pressa xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Ağadadaş Ağayev deyib. Xərçəngdən əziyyət çəkən müğənni yaşadığı çətin günlərdən danışıb:

"Dövlət başçısı və ailəsinə ömür borcum var. Mənə diqqət göstərdilər. Bu diqqət həqiqətən də sağalmağımda kömək oldu. Mədəniyyət adamlarıyırq, diqqəti sevirik. Heç bir nigarançılığım, naşükürlüyüm, etirazım olmadı. Allah bizə şan-şöhrət, pul verib. Bu da bir imtahan idi".

Ağayev bildirib ki, xəstəliyinə səbəb yaşadığı stresli günlər olub:

"Pandemiya ərəfəsində əmim oğlunu itirdim. Koronavirusa yoluxmuşdu, xəstəxanada dünyasını dəyişdi. Stres keçirdim, ən çox sevdiyim əmim oğlu idi. Gördüm ki, özümü narahat hiss edirəm, həkimə yollandım. Birinci dedilər ki, daşdır, əməliyyat olundu və əkməyə göndərildi. Diaqnoz qoyuldu, istədilər məndən gizlətsinlər. Dedim, yox, bilməliyəm xəstəliyim nədir. Bu xəstəliyin adı ağırdır, buna baxmayaraq depressiyaya düşmədim. Dəfələrlə əməliyyata düşdüm, necə gəlmişdi, elə də təmizləndi".

Müğənni ilk dəfə şişin hansı orqanında aşkarlanmasını açıqlayıb:

"Məsanədə oldu şiş. Birinci mərhələ idi, vaxtında müdaxilə olundu, problem yaranmadı. Gecikdirsək, yaxşı olmazdı. 

Bundan sonra xəstəliyimdən danışmaq, insanları üzmək istəmirəm. Bizim missiyamızda o yoxdur. Allah bizə bu səsi xalqa xidmət üçün verib. Neqativləri insanlara ötürməməliyik. İnsanları daha fərqli sevməyə başladım. Hər şeyə fərqli yanaşıram. Xidmətimi artıracam, etibarsız dünyadır. Xəstəlik əvvəl adama dərd kimi gəlir. Sonra görürsən ki, Allah sənə yaşamaq üçün böyük mükafatlar verdi".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023