Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı, 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan REYD-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.
REYD-in məlumatına görə, həyat yoldaşından ayrılan Y. Əhmədov ana və atası ilə birlikdə yaşayır. Y. Əhmədovun hadisə baş verən anda içkili olduğu bildirilir. Ailə münaqişəsi zəminində ana-atası ilə mübahisə Y. Əhmədov bıçaqla anasının qoluna, atasının isə sağrı nahiyəsinə bıçaqla xəsarətlər yetirib.
Xəsarət alanlar Şəki rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.