Səhiyyə Nazirliyi: Edillidə kütləvi məzarlıqlarda indiyədək 25 nəfərin qalıqları tapılıb, işlər davam etdirilir

ÖLKƏ

04 Oktyabr 2022 | 14:32

1794 dəfə oxunub

“Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib”.

REYD xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, Qarabağın işğal altında olan əraziləri azad edildikdən sonra hissə-hissə şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir: “Bunları sonradan müəyyən sxemlə, proqramla araşdırıb ekshumasiya edib çıxarırıq. İlk dövrlərdə bu işlər kortəbii şəkildə aparıldı. Ərazi buldozerlərlə qazıldı və sonradan məhkəmə-tibbi müayinəsi və son nəticədə genetik ekspertizası çətin oldu. Bununla əlaqədar olaraq dövlət tərəfindən müəyyən göstərişlər verildi və qaydalar tətbiq edildi. Ondan sonra biz işimizi bu qaydalar çərçivəsində aparmağa başladıq. Burada Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Budur erməni xisləti”.

Ədalət Həsənov qeyd edib ki, bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər bir ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək: “Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertizadan sonra genetik profili çıxarılacaq və itkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023