Qızlarda və oğlanlarda boy artımı neçə yaşa qədər davam edir?

Gündəm

24 Noyabr 2022 | 15:29

1731 dəfə oxunub

“Azərbaycanlı uşaqların inkişafının necə olmasını dəqiq demək üçün gərək elmi tədqiqatlar aparılsın. 2016-2020-ci illərdə apardığımız elmi tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və Ümumdünya Səhiyyə Təşkilatının 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə etdik”.

Bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov bildirib.

Onun sözlərinə görə, elmi tədqiqatların nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda çəki nisbətən artıq idi, bədən kütlə indeksi daha yüksək idi.

“Burada çox faktorlar səbəb ola bilər. Məsələn, düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. Əlbəttə ki, elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir”.

Həkim uşağın yaşına uyğun boyu və çəkisi deyəndə cədvəllərdə ən alt və ən üst norma olduğunu və bu göstəricilərin daxilində olan uşaqların normal hesab olunduğunu qeyd edib:

“Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik, çünki uşaq ola bilər ki, alt normasının göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir. Eyni şəkildə biz uşağın ata-anasının boyunu bildiyimiz zaman onun yaşına uyğun inkişafını qiymətləndirə bilirik. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün biz onun valideynlərinin boylarının ölçüsünü toplayırıq, alınan rəqəmdən 13 santimetr çıxırıq və ikiyə bölürük. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlirik və 2-yə bölürük. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu hesablayırıq. Əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər”.

E.Rəhimov boy artımının ən çox ana bətnində baş verdiyini bildirib:

“Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir.

Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir”



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023