Ölkədə üzümçülüyün inkişafına töhvə verəcək kitab ictimaiyyətə təqdim olunub

CƏMİYYƏT

28 Iyul 2022 | 14:15

3155 dəfə oxunub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda (ÜŞETİ) Vüqar Səlimov, Mövlud Hüseynov və Azər Şükürovun  birgə nəşr etdirdikləri “Üzüm: aqrotexnikası, aqrokimyası və inteqrir mübarizə tədbirləri” kitabının təqdimatı keçirilib.

REYD xəbər verir ki, tədbirdə KTN-nin “Meyvəçilik və tərəvəzçilik” şöbəsinin müdir müvini Ramiz Qəhrəmanov, Abşeron rayon Məhəmmədli kəndində 1 ha üzüm sahəsi olan fermer Sücaəddin Rzayev, Salyan rayonu Xələc kəndində 7 ha üzüm sahəsi olan fermer Rahil Hüseynov və institutun müvafiq şöbə və laboratoriyalarının əməkdaşları iştirak ediblər.

Öncə ÜŞETİ-nin direktoru V.Səlimov kitabın təqdimatını edərək tədbiri açıq elan edib. O, öz çıxışında qeyd edib ki, son dövrlərdə dünyada texnika və texnologiyaların sürətli inkişafı və istehsalata tətbiqi, üzümçülük və şərabçılıqda diferensasiya, mikrozonallaşmanın və ixtisaslaşmanın inteqrasiyası fonunda, o cümlədən ekoloji təmiz üzüm və şərabçılıq məhsullarının istehsalının gücləndirilməsinə önəm verildiyi bir dövrdə sabit sahədən yüksək, keyfiyyətli və məqsədyönlü məhsul istehsalı mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə vurğulanıb ki, kitab üzümçülüyün elmi əsaslarla inkişafına dəstək, o cümlədən üzüm istehsalçılarının istehsal prosesinə elmi-praktik köməkliyin göstərilməsi, onların qarşılaşdıqları problemlərin həllinə yönəlmiş tədbirləri işıqlandırmaq məqsədilə yazılıb.

KTN-nin “Meyvəçilik və tərəvəzçilik” şöbəsinin müdir müvini Ramiz Qəhrəmanov da öz çıxışında fermerlərin və institut əməkdaşlarının birgə fəaliyyətini və mütəxəssislərin bu sahədə gördükəri işlərin təqdirə layiq olduğunu nəzərə çatdırıb. Kitabın üzüm və şərab istehsalçıları, elmi işçilər, aqrotexniklər, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan magistrlar, doktorantlar, kənd təsərrüfatı təhsili alan tələbələr və yaxın ixtisas sahələrində işləyənlər üçün istifadə edə biləcəkləri qiymətli mənbə olduğunu qeyd edib.

Daha sonra institutun “Üzümün aqrotexnikası şöbəsi”nin müdiri Azər Şükürov öz çıxışında kitabda üzümçülüklə bağlı əsas anlayışlarla bərabər üzümçülüyün tarixi, əhəmiyyəti, üzümün yerli yetişdirilmə şəraiti nəzərə alınmaqla dünyadakı innovativ becərilmə üsulları, yeni üzümlüklərin salınmasında müasir yanaşmalar, üzümün aqrotexnikası, aqrokimyası, inteqrir mübarizə tədbirlərinin yer aldığını diqqətə çatdırıb.

Tədbir zamanı institutun digər əməkdaşları və fermerlər də kitab haqqında öz fikirlərini bildiriblər. Fermerlər öncə institutun mütəxəssislərinin hər zaman onların yanında olduqlarını qeyd edərək yüksək və keyfiyyətli məhsul əldə etmək üçün alimlərin dəstəyinə hər zaman ehtiyac olduğunu vurğulayıblar. Eyni zamanda üzümün becərilməsi zamanı qarşılaşa biləcəklərin hər bir problemin, xəstəlik və zərərvericilərin, təbii risk amillərinin qarşısını almaq üçün yerinə yetiriləcək lazimi tədbirlərin bir kitabda yerləşdirildiyi üçün müəlliflərə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Üzüm: aqrotexnikası, aqrokimyası və inteqrir mübarizə tədbirləri” kitabı üzümçülüyün elmi əsaslarla inkişafına dəstək, o cümlədən üzüm istehsalçılarının istehsal prosesinə elmi-praktik köməkliyin göstərilməsi, onların qarşılaşdıqları problemlərin həllinə yönəlmiş tədbirləri işıqlandırmaq məqsədilə yazılıb. Kitabda üzümçülüklə bağlı əsas anlayışlarla bərabər üzümçülüyün tarixi, əhəmiyyəti, üzümün yerli yetişdirilmə şəraiti nəzərə alınmaqla, dünyadakı innovativ becərilmə üsulları, yeni üzümlüklərin salınmasında müasir yanaşmalar, üzümün aqrotexnikası, aqrokimyası, inteqrir mübarizə tədbirləri və üzüm-şərab istehsalı zamanı qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər haqqında elmi-praktiki təhlillər əks olunur. 

Əsərdə üzümçülükdə ekoloji risklər (xəstəlik və zərərvericilər, şaxta, dolu, sel, güclü küləklər və s.) və onlara qarşı perventiv tədbirlər, dünyada hazırda risklərə qarşı tətbiq edilən innovativ texnologiyalar haqqında məlumat verilir ki, bu da üzüm istehsalçılarının maarifləndirilməsində mühim əhəmiyyət kəsb edir.

Kitabda həmçinin qlobal istiləşmələr fonunda meydana çıxan quraqlıq və suvarma suyunun qıtlığı şəraitində üzüm bağlarının becərilmə texnologiyasındakı dünya təcrübəsi yerli şərait nəzərə alınmaqla əks olunub ki, bu da dəmyə üzümçülüyünün inkişafına öz müsbət töhfəsini verəcək. 

Bununla yanaşı, kitabda üzümçülüyün ixtisaslaşmasının düzgün müəyyənləşdirilməsini təmin etmək məqsədilə tədqiqatlar və araşdırmalar nəticəsində təbii-iqtisadi rayonlara uyğun olan qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının səciyyəvi ampeloqrafik, aqrotexniki və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri öz əksini tapıb. Belə ki, 200 sort, o cümlədən 101 süfrə, 25 kişmiş və 64 texniki üzüm sortu haqqında ətraflı məlumat verilib. Bu iisə fermer və üzüm istehsalçıları üçün sortlar haqqında, onların tanınması, becərilmə texnologiyası barədə məlumatları əlçatan edir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023