Lənkəranda məktəbliyə zorakılıq edən məmur internat məktəbinə direktor təyin olunub

HADİSƏ

25 Sentyabr 2023 | 16:19

257 dəfə oxunub

Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini internat məktəbinə direktor təyin olunub.

REYD-in cənub bürosunun xəbərinə görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arif qızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının birinci müavini vəzifəsindən azad edilib.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023