"Bakı Metropoliteni"nin sərnişindaşımalardan gəliri 4 dəfəyədək artıb

İQTİSADİYYAT

24 Noyabr 2022 | 16:30

1523 dəfə oxunub

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" ilə sərnişin daşımalarından əldə olunan gəlir 42 647,5 min manat olub, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən REYD-ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 11 233,3 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" 146 701 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.

Xatırladaq ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023