Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilib.
REYD xəbər verir ki, “Avanqard” çəltik sortunun 500 kq Orijinal və 1200 kq Super elit toxumu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb.
Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genofondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür. ƏETİ tərəfindən “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda təsbit edilən vəzifələrin icrası ilə əlaqədar olaraq əkin sahəsinin 10000 ha, məhsuldarlığın 40 tona çatdırılması istiqamətində 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli “Zəfər” və “Bəstə” sortları Dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.
Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malaziyanın müvafiq elmi-tədqiqat müəsissələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda qədim ənənələrə malik, gəlirli kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verib. Düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, idxaldan asılılığın azaldılması, çəltikçilik rayonlarında yaşayan əhalinin gəlirlərinin artırılması və həyat şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Belə ki, ölkənin aqrar potensialının gücləndirilməsi, daxili tələbatın ödənilməsi, ölkəmizin ixrac potensialının artması və xarici bazarlarda yer tutması baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb. Çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluğunun yaradılması məqsədilə bu sahədə toxumla təminat istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə nəticələnib.